Tarix


İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. 2012-ci il 26 sentyabr tarixindən isə Azərbaycan Respublikası Prezidentinin 708 nömrəli Fərmanına əsasən hazırda mövcud olan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır.
Dövlət Agentliyi hansı vəzifələri həyata keçirir?

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Agentliyinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Agentliyimiz tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilmiş və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Artıq hər bir konkret sahə üzrə təqdirəlayiq nəticələr əldə edilmişdir. Lakin problemlər də mövcuddur. Belə ki, praktikada bir çox dövlət orqanları tərəfindən bu vəzifələri yerinə yetirmək üçün tətbiq edilən ümumi sistemlə uzlaşmayan avadanlıqların alınması hallarına rast gəlirik. Bu hallar müəyyən texniki problemlər yaratmaqla yanaşı, dünya iqtisadiyyatında maliyyə böhranının mövcud olduğu bir vaxtda əlavə büdcə xərclərinin sərf olunmasına da gətirib çıxarır. Gələcəkdə belə halların qarşısının alınması üçün müvafiq orqanlara tətbiq edəcəkləri texniki avadanlıqları əvvəlcədən bizim Agentliklə razılaşdırmağı tövsiyə edərdim.

Dövlət Agentliyinin fəaliyyəti hansı normativ hüquqi aktlarla tənzimlənir?

Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, bir sözlə Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətini tənzimləyən bütün normativ hüquqi aktlar, təlimatlar, əsasnamələr, göstəriş və tövsiyələr Dövlət Agentliyinin xidməti fəaliyyətində rəhbər tutulur və tədbirlər onların tələblərinə uyğun həyata keçirilir. Bu normativ hüquqi aktlara “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında”, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əsasnamələri və s. daxildir.