İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyası

ANA SƏHİFƏ İTKK


İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Aşağıdakı tərkibdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılsın: 

Komissiyanın sədri

 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi 

Komissiyanın üzvləri 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.

2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə edilsin.

3. Komissiya:

3.1. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etsin;

3.2. Komissiyanın iştirakçısı olan dövlət qurumlarının mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən və aşağıdakı funksiyaları yerinə yetirən işçi qrupun yaradılmasını və fəaliyyətini təmin etsin:

3.2.1. ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsi;

3.2.2. internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq qurumların dərhal məlumatlandırılması;

3.3. aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialının gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil etsin;

3.4. dövlət qurumlarının, habelə ictimai əhəmiyyətli infrastruktur obyektlərinin fəaliyyətində istifadə olunan proqram təminatının (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil etsin və müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 29 mart 2018-ci il

 № 3851