Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışı olmuşdur.

16 mart 2010-cu il tarixində Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev inzibati binanın açılışını bildirən qırmızı lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Prezident İlham Əliyev mərkəzin videokonfrans otağında oldu. Burada yaradılmış şəraitlə tanışlıqdan sonra videobağlantı yaradıldı. DATA mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, burada Prezidentin 2004-cü il 29 dekabr tarixli Fərmanının və 2005-ci il 21 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa dövlətlərinin əksəriyyətində istifadə olunan "TETRA" radiorabitə sisteminin, "AzStateNet" optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilmiş, bu məqsədlə "TİA942" standartlarına cavab verən 2 DATA mərkəzi yaradılmışdır.

Dövlət Proqramına müvafiq olaraq 2008-ci ilin sonlarında ölkənin 55 rayon mərkəzində, əvvəlcə neft kəmərlərinin mühafizəsini təmin etmək məqsədi ilə Bakı-Ağstafa, Bakı-Xudat istiqamətləri boyunca, sonra isə Bakı-Astara istiqaməti boyunca "TETRA" rabitə sistemi yaradılmışdır. Bu il Bakı-Şamaxı-Zaqatala-Balakən avtomobil yolu boyunca da bu sistemin quraşdırılıb istifadəyə verilməsi planlaşdırılır. 2011-ci ilin sonunadək isə ölkənin bütün ərazisinin tam əhatə olunması nəzərdə tutulur. Hazırda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, 

həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, bir sıra digər qurumların ümumilikdə 5430 radiostansiyası "TETRA" radiorabitə sisteminə qoşulmuşdur.

Prezident İlham Əliyev "AzStateNet" optik DWDM şəbəkəsi ilə tanış oldu. Məlumat verildi ki, bu şəbəkə dövlət orqanları və onların yerli strukturları arasında yüksək sürətli informasiya mübadiləsi aparmağa imkan verir. Hazırda bu şəbəkə vasitəsilə 128 dövlət orqanı yüksək sürətli internetlə təmin edilmişdir.

Dövlətimizin başçısı binada quraşdırılmış videonəzarət mərkəzi ilə də tanış oldu. Mərkəz vasitəsilə mühüm əhəmiyyətli kabel-kommunikasiya sistemlərinin real rejimdə işləməsinə daimi nəzarət təmin olunmuşdur. Binada 60 əməkdaşın işləməsi üçün müasir texnika və mebellərlə təchiz olunmuş 22 otaq istifadəyə verilmişdir.

Binanı fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya və 2 generator quraşdırılmışdır. Bina müasir mərkəzləşdirilmiş havalandırma, siqnalizasiya və buraxılış sistemləri ilə təchiz olunmuşdur. Ən müasir standartlara cavab verən yeməkxana da şəxsi heyətin ixtiyarına verilmişdir.

Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.